Təşkilatçılar

UIA

Beynəlxalq Memarlar İttifaqı (BMİ) dünyada milli memarlıq təşkilatlarını birləşdirmək məqsədilə 28 iyun 1948-ci ildə İsveçrənin Lozanna şəhərində təsis olunmuşdur. İlk assambleyada 27 üzvü olan BMİ-nin tərkibində hazırda dünyanın 115 ölkəsinin aparıcı təşkilatları və peşəkar memarları fəaliyyət göstərir.

BMİ beynəlxalq səviyyədə fəaliyyət göstərən memarlar ittifaqları arasında UNESCO tərəfindən tanınılan yeganə qeyri-hökumət təşkilatıdır. Bilik mübadiləsi platforması qismində çıxış edən BMİ memarlığın inkişaf proseslərində innovativ həllər yaratmağa kömək edir və şəhərin ətraf mühitinə xüsusi önəm verir.

 

UAA

Azərbaycan Memarlar İttifaqı peşəkar memarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ümumi maraqları əsasında formalaşmış ən qədim yaradıcı birliyidir.

Azərbaycan Memarlar İttifaqı 1934-cü ildə bir qrup Azərbaycan memarlrının təşəbbüsü ilə təsis edilmişdir. 1936-cı ilin martında Azərbaycan memarlarının Birinci qurultayı Təşkilat komitəsi tərəfindən keçirilmişdir və qurultayda Azərbaycan Memarlar İttifaqınin İdarə heyəti seçilmiş, İttifaqın funksiyaları və fəaliyyət prinsipləri müəyyən olunmuşdur.

Azərbaycan Memarlar İttifaqı, memarların yaradıcılıq ustalığının artmasını stimullaşdırır, onların istedadını və şəxsiyyətini, müəlliflik hüquqlarını müdafiə edir, nailiyyətlərini müsabiqələr və sərgilər vasitəsilə dünyada təbliğ edir. Azərbaycan Memarlar İttifaqınin fəaliyyəti, Azərbaycan memarlığının tanıdılmasında, milli memarlıq irsinin qorunub saxlanılmasında, memarlarımızın dünyada nüfuz qazanmasında müstəsna əhəmiyyətə malikdir.

Bu gün Azərbaycan Memarlar İttifaqının tərkibində bir sıra regional memarlıq təşkilatları birlikdə fəaliyyət göstərir. Peşəkar yaradıcılıq təşkilatı kimi Memarlar İttifaqı öz işini memarlıq yaradıcılığının bütün növlərinin səmərəliliyinin artırılmasına, memarlıq və şəhərsalma fəaliyyətinin inkişafına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, milli mədəniyyətin inkişafına yönəldir.

Azərbaycan Memarlar İttifaqı Beynəlxalq Memarlar İttifaqının üzvü olaraq, bir çox beynəlxalq forumlarda və konqreslərdə Azərbaycan memarlarını təmsil edir. Azərbaycan Memarlar İttifaqı, hər il Gənc memarların və tələbələrin işlərindən ibarət baxış-müsabiqə, hər iki ildən bir Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirir.

Tərkibində fəaliyyət göstərən yaradıcılıq komissiyaları və peşəkarlıq etikası kollegiyası ilə birgə Azərbaycan Memarlar İttifaqı peşəkar memarlıq bilik və bacarıqlarının mübadiləsi istiqamətində memarlığın inkişafı üçün davamlı inkişafa yönəlmiş innovativ həllər aşkar etməyə kömək edir.

Azərbaycan Memarlar İttifaqı dünya memarlıq ictimaiyyəti tərəfindən tanınan memarlıq birliyi olaraq, bir sıra memarlıq təşkilatlarının üzvüdür.