Opera və Balet Teatrı
Bakı Konqres Mərkəzi
Heydər Əliyev Mərkəzi
Şirvanşahlar sarayı
Filarmoniya
Alov qüllələri
Tarixi muzey
Bakı Şəhər İcra Hakimiyyəti
Hökumət evi
Qız qalası
Funikulyor
Xalça muzeyi
Crystal Hall
Məhəmməd Məscidi
Marionet teatrı
Ağ Şəhər
Bələdçi
Daha ətraflı
məlumat üçün
lokasiyanı seçin
Opera və Balet Teatrı

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Ölkəmizdə ən böyük musiqili teatrın binası 1910-cu ildə tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır.

Bakı Konqres Mərkəzi

Bakı Konqres Mərkəzi şəhər mərkəzinin yaxınlığında yerləşən müasir beynəlxalq tədbirlər mərkəzidir. Mərkəz regiondakı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edə biləcək ən böyük məkandır. Bir çox geniş konfrans otaqlarına və tutumu 3 500 qədər olan auditoriya zalına malik olan Bakı Konqres Mərkəzi konqres, konfrans, seminar, işgüzar görüşlər, konsert və digər tədbirlərin keçirilməsi üçün mükəmməl şərait yaradır. Mərkəzin akustika sistemi dünyanın aparıcı şirkətlərinin məhsuludur. Buranın işıqlandırılmasında müasir texnologiyadan istifadə edilmişdir.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev prospektində inşa edilmiş araşdırma və beynəlxalq dialoq mərkəzi. Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir.

Şirvanşahlar sarayı

Şirvanşahlar sarayı Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir. 2000-ci ildə İçərişəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edildi.

Filarmoniya

MÜSLÜM MAQOMAYEV ADINA AZƏRBAYCAN DÖVLƏT AKADEMİK FİLARMONİYASI. Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansamblar , orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-ci il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı. 1936-37-ci illərdə binada bərpa işləri görülmüşdür. 1937-ci il avqust ayının 11-də isə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK (b) MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomedoviç Maqomayevin adını əbədiləşdirməkdən ötrü Azərbaycan Dövlət Akademik Filarmoniyasına bəstəkarın adı verilsin. Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Bunlar Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası, Xalq artisti Fəhrəddin Kərimov rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri, Azərbaycan Dövlət Rəqs ansamblı, Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət Simli Kvarteti. Azərbaycan Dövlət Akademik Filarmoniyası Respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təşviqində müstəsna rol oynayır. Öz daxilində fəaliyyət göstərən kollektivlərdən əlavə, burada xarici ölkələrdən gələn məşhur solistlərin çıxışları mütəmadi olaraq təşkil edilir. 2017-ci ildə Filarmoniyaya “Akademik” statusu verilmişdir.

Alov qüllələri

Bakının ən çox tanınan simvollarından olan “Alov qüllələri” kompleksi şəhərin ən hündür binasıdır (190 m). Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. Bura kafelər, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv. metrdir.

Milli Azərbaycan Tarixi Muzeyi

Ölkənin ən böyük muzeyinin kolleksiyasında 300 000-dən çox obyekt vardır. Sərgi zallarında tarix, arxeologiya, etnoqrafiya, botanika və zoologiya, eləcə də təsviri incəsənətə aid qədim və müasir eksponatları nümayiş etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti

Bakı Şəhər İcra Hakimiyyətinin binası Bakı şəhərində yerləşən inzibati binadır. Bina 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.

Hökumət evi

Paytaxta xüsusi gözəllik verən, şəhərimizin memarlıq incilərindən olan “Hökumət evi” kimi tanıdığımız bina da bu qəbildəndir. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra hökumət işçilərinin çalışması üçün müvafiq bina olmadığından, belə bir tikiliyə ehtiyac duyulub.

Qız qalası

Qız qalası Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən tarixi abidədir. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Funikulyor

Bakı funikulyoru tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. Xüsusi rahatlığı ilə seçilən vaqonlar isə sərnişinlərin ətrafı seyr etmələri üçün şüşəbəndlə əhatələnib. Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”.

Xalça muzeyi

Azərbaycan Xalça Muzeyi — Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən, nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə birinci ixtisaslaşmış muzeydir. Muzeyin ekspozisiyasında toxuculuğun müxtəlif üsullarını, 10-dan artıq toxunma növünü, onun sirlərini öyrənmək və əyani tanış olmaq olar. Muzeydə qonaqlara bəyəndikləri əşyanın önündə rəngarəng və zövqlə tikilmiş Azərbaycan milli geyimlərindən istifadə edərək xatirə olaraq foto və video çəkilişlərin aparılması üçün şərait yaradılmışdır.

Crystal Hall

Baku Crystal Hall — çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub.

Baku Crystal Hall Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilmişdir. Kompleksin tikintisi Respublika prezidenti İlham Əliyevin sərəncamına əsasən dövlət komitəsi tərəfindən həyata keçirilib.

Kompleksin layihəsinin baş dizayneri alman şirkəti "GMP", arenanın dizayneri isə İsveçrə şirkəti Nüssli International AG-dir. Stadionun üç hissəsinin tikintisi - arenanın, fasadın və tavan hissənin - eyni zamanda başlanıb.

Tikinti 2012-ci il 16 aprel tarixində qurtarıb. Mayın 7-si kompleksin rəsmi açılışı olub və arena 22-26 mayda tarixlərində Avroviziya-2012 mahnı müsabiqəsinin yarımfinalları və finalına ev sahibliyi edib.

Məhəmməd Məscidi

Məhəmməd Məscidi 1078-79 ustad Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub. Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır. Bu qədim və möhtəşəm abidə I Pyotrın Bakıya kəşfiyyat ücün göndərdiyi rus donanmasının dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün el arasında “Sınıqqala” adlanır. Məscidin həcm kоmpоzisiyаsının dinаmikаsını ətrаf tikililəri kölgədə qоyаn minаrə təmsil еdir. Abidədə apаrılmış bərpа işləri üzərində epiqrafik yazısı olan bu qədim məscidinin mеmаrlıq simаsını bütövlüklə cаnlаndırdı.

Marionet teatrı

1980-ci illərin ortalarında gənc rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq ideyasını həyata keçirməyə başladı.Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının marionet quruluşu oldu. Onun premyerası 1990-cu ildə Fransada baş tutdu. Fransa mətbuatı coşqunluqla yazırdı: “Marionetlər hər şeyə qadirdir!”, “Ləzzətin daha iki axşamı!”. Odur ki, və tamaşaçıların istəyini nəzərə alaraq, “Arşın mal alan”ın əlavə nümayişləri keçirildi...1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirildi, 2013-cü ildən isə “İşərişəhər” Baş İdarəsinin strukturuna daxil edildi. Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini “Leyli və Məcnun” tamaşasının quruluşuna yönəldə bilmişdi, 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi.Teatrın məramı Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. Teatrın bədii rəhbəri Tərlan Qorçudur.

Ətraflı məlumat: http://marionet.az

Ağ Şəhər

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çixarır. Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir.

Yerli və xarici investisiyalar yönümlü Bakı Ağ Şəhər layihəsi müxtəlif həcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir. İnvestorlar investisiya və tikinti məqsədilə, kiçik villalardan başlayaraq iri həcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyekti seçə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi investisiyanın həcmindən asılı olmayaraq, investorlara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin edir.